Şəmkirdə toy karvanında gedən avtomobil azyaşlı uşağı vurub. Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə avqustun 23-də axşam saatlarında rayonun 20 Yanvar küçəsində, “Şəmkir” şadlıq sarayının qarşısında baş verib. Saraya gələn toy karvanının önündə olan Şəmkir rayon sakini, 26 yaşlı Pərviz Qarayev idarə etdiyi “Range Rover” markalı avtomobillə rayon sakini, 2003-cü il təvəllüdlü Həsən Rzayevi vurub. Azyaşlı hadisə yerində ölüb.
Polisdən verilən məlumata görə, ölümün iki səbəbdən baş verdiyi ehtimal edilir. Onlardan birinə görə, rayon adət-ənənəsinə əsasən azyaşlı toy karvanında bəylə gəlini aparan avtomobilin qarşısını kəsib pul almaq istəyərkən maşın onu vurub. Digər ehtimala görə isə uşaq yolu keçmək istəyərkən sürətlə hərəkət edən avtomobilin qurbanı olub.
Hazırda faktla bağlı cinayət işi açılıb, hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.