Vüqar Səfərli
10 yanvar 2022 16:26 (UTC +04:00)

Vüqar Səfərli

Vüqar Səfərli şikayət etdi - SƏBƏB

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Lent.az bildirir ki, bu barədə APA-ya onun vəkili Hikmət Əliyev məlumat verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

V.Səfərli ikinci instansiya məhkəməsindən barəsində bəraət hökmünün çıxarılmasını və əmlakları üzərinə qoyulan həbsin götürülməsini istəyib.

Vəkil qeyd edib ki, üzərinə həbs qoyulmuş əmlaklar Vüqar Səfərlinin KİVDF-də işlədiyi dövrdə əldə edilməyib. Cinayət işi üzrə eyni ittihamla təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilmiş Nadir Məmmədov da hökmdən apellyasiya şikayəti verib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə digər təqsirləndirilənlər-Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli və Nadir Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473
avatar

Oxşar yazılar