Ukraynanın Donetsk vilayətində həlak olan Sadiq Əliyev və oğlu Cavid Əliyev 20 ilə yaxındır ki, bu ölkədə yaşayırdılar. Onlar ət satışı ilə məşğul idilər.
Bu barədə Lent.az-a onların doğulduğu Masallı rayon Alışanlı kənd sakinləri bildiriblər.
Onların sözlərinə görə, ata və oğul Donetsk vilayətinin Pokrovsk qəsəbəsində ailələri ilə birlikdə məskunlaşıblar. Hadisə baş verən günü döyüş bölgəsinə yaxın olan kəndlərin birindən mal-qara tədarük etmək istəyiblər. Amma konflikt zonasına girəndən bir qədər sonra Rusiya tərəfindən atılan top mərmisi onların həyatına son qoyub.
Məlumata görə, Əliyevlərin yanında daha 2 nəfər yerli sakin olub. Onlar isə ağır yaralanıblar.
Kənd sakinlərinin bildirdiyinə görə, Əliyevlərin meyitləri yaxın günlərdə Masallıya gətiriləcək və Alışanlı kəndində dəfn ediləcək.