Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Talalar kəndində yerləşən “Karvan” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.İnfeksiyanın kütləvi yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən karantin rejiminin tələblərinə biganə yanaşan obyektin icarədarı Sabir Mamedov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, əvvəllər də həmin şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonaq iştirak etdiyi üçün S.Mamedov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.