Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində toy edən azərbaycanlılar yolu bağlayıb və havaya atəş açmağa başlayıblar. Qəzəblənən hadisə şahidləri polisə şikayət edib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, saat 13.30-da onlarla xarici avtomobil Reutovskaya küçəsindəki hündürmərtəbəli binaların həyətində yolda dayanaraq, toy şənliyi keçiriblər. Mahnıların səsi pəncərələrdən evə dolub.
Avtomobillərin üzərində Azərbaycan bayraqları asılıb. Bir saat ərzində səs-küylü gənclər toyu qeyd ediblər: mahnı oxuyublar, ləzginka rəqs ediblər, fit çalıblar və atəş açaraq, qışqırıblar.
Bəy-gəlin maşınından pul alandan sonra silahlarını maşının şüşələrindən çıxaran kişilər havaya atəş açmağa başlayıblar. Onların yaylım atəşləri beş dəqiqə çəkib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, toy kortejinin havaya atəş açan iştirakçıları saxlanılaraq ərazi idarəsinə aparılıb.