Gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "Opel" markalı minik maşınının toqquşması nəticəsində hər 2 avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüb.
İkisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon sakinləri - 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, övladları - 2001-ci il təvəllüdlü Məryəm Ceyhun qızı Kərimova, 2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli, azyaşlıların nənəsi, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova və hələlik şəxsiyyəti məlum olmayan "Opel" markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar.
Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-ın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.