Təhsildə 260 minlik YEYİNTİ:  sektor müdiri HAKİM QARŞISINDA
11 iyun 2024 12:46 (UTC +04:00)

Təhsildə 260 minlik YEYİNTİ: sektor müdiri HAKİM QARŞISINDA

Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, istintaqla Rüfət Hacıyevin müvafiq olaraq 2017-2022-ci illərdə Quba rayon Təhsil şöbəsi (hazırda ləğv olunmuş) və 2022-2023-cü illərdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləyərkən əmək müqaviləsinin müddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyin edilməsi, təhsil müəssisələrində yoxlamaların keçirilməməsi, xidmət üzrə ümumi himayədarlıq göstərilməsi və digər qanunsuz məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 65 min manatdan artıq pul vəsaitini şəxsən almasına, habelə 20 min manat məbləğində pulun Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrinin auditi sektorunun müdiri vəzifəsində işləmiş İntiqam Hacıyev tərəfindən rüşvət qismində alınmasına vasitəçilik etməsinə, eyni zamanda qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pul vəsaitini yaxınlarının adlarından müxtəlif maliyyə əməliyyatları keçirməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2, 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayət əməlinin törədilməsinə köməklik etmə), 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İntiqam Hacıyevə isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2850
avatar

Oxşar yazılar