Keçmiş baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya yaxınları bildirib.
Əldə olunan məlumata görə, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
***
17:47
Səhhəti qəfil pisləşən sabiq Baş nazir Surət Hüseynov yerləşdirildiyi İstanbul Arnavutköy Dövlət Xəstəxanasından özəl tibb müəssisəsinə köçürülüb.
Lent.az bildirir ki, APA-nın İstanbul müxbirinin xəbərinə görə, Surət Hüseynov indilərdə özəl xəstəxanaya aparılıb.
Xəstəxanada olan yaxınlarının APA-nın əməkdaşına verdiyi xəbərə görə, Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq Moskvadan Moldovaya getmək üçün İstanbuldakı yeni hava limanına gəlib.
O, elə aeroportda infarkt keçirib, ürəyi dayanıb. İlk olaraq onun həyatını itirdiyi güman edilib. Xəstəxanaya aparılan zamanı ürəyi fəaliyyətini bərpa edib.
Surət Huseynovun səhhəti stabildir, anju olunacağı bildirilir, eyni zamanda, böyrəklərində və mədəsində də problemlərin olduğu deyilir.
***
14:25
Surət Hüseynovun ölüm xəbəri təsdiqlənməyib.
Lent.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, S.Hüseynovun yaxınları bildiriblər ki, sabiq baş nazir komadadır:
"Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər".
***
saat 13:53
Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun ölüm xəbəri yayılıb.
Lent.az sosial mediaya istinadən xəbər verir ki, 64 yaşlı sabiq baş nazir Moldovadan İstanbula uçarkən təyyarədə dünyasını dəyişib.
Onun səhhətində problemlərin olduğu və müalicəyə getdiyi bildirilir.