Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Mersin şəhərində yerləşən Hüseyin Okan Merzeci məktəbində 12 yaşlı E.D. adlı qız sinif yoldaşı Fatmanisa Yüreklini öldürüb.
Məlum olub ki, bu gün səhər saatlarında E.D. Fatmanisanı ayaqyoluna çağırıb. Əvvəlcə o, qızı su şlanqı ilə döyüb, sonra isə evdən gətirdiyi mətbəx bıçağı ilə boğaz və qarın hissəsinə 5 bıçaq zərbəsi endirib.
Bundan sonra panikaya düşərək, qaçan azyaşlının törətdiyi əməli sinif yoldaşları məktəbin işçilərinə deyiblər. Polislər bir tərəfdən E.D.ni axtarmağa çalışarkən, zərərçəkən xəstəxanaya aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq, Fatmanisanın həyatını xilas etmək mümkün olmayıb.
Saxlanılaraq polis şöbəsinə təhvil verilən E.D ifadəsində deyib ki, sinif yoldaşı tərəfindən dərsdə aşağı qiymət aldığına görə linç edilib və bu əməli törədib.
Qeyd olunur ki, xüsusi amansızlıqla törədilən qətl ilə bağlı araşdırmalar davam etdirilir.