Şamaxı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Hacıqədirli kənd sakini Eldəniz Quluyevdən “Tula”, Ağsu sakini Qoşqar Mürsəliyevdən isə “İJ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri və 6 ədəd patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Taleh Ağayevdən “İJ”, Xaləddin Cəbrayılovdan isə “Tula” markalı qanunsuz olaraq saxladıqları silahlar götürülüb.
Şəki rayon Polis Şöbəsinə isə rayon ərazisində “Çaylaq” deyilən ərazidə şübhəli bağlamanın olması barədə məlumat daxil olub. Həmin əraziyə baxış keçirilən zaman 1 ədəd F-1 əl qumbarası, ov tüfəngi, eləcə də müxtəlif yivli silahlara məxsus 17 patron aşkarlanaraq götürülüb.
Vətəndaşlara edilən müraciətlər əsasında isə Şəki rayon sakini Samir Məmmədov indiyədək qanunsuz olaraq saxladığı “TOZ” markalı ov tüfəngini, F-1 əl qumbarasını və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Faktlarla bağlı rayon Polis Şöbələrində araşdırma aparılır.