Şahidlər Vilyam Hacıyevin üzünə durdu: “990 min manat tələb etdi...”
15 aprel 2022 13:31 (UTC +04:00)

Şahidlər Vilyam Hacıyevin üzünə durdu: “990 min manat tələb etdi...”

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, prosesdə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş NTC MMC-nin təsisçisi Elnur Musayev bildirir ki, tenderin onlardan alınmaması üçün 990 min manat pul verib:

“İmişlidə icra hakimiyyəti binasının tikilməsində bir neçə layihə təqdim etdik. Tenderdə layihəmiz qalib oldu. Binanı tikməyə başladıq. Binanın tikintisi üçün 6 milyon 200 min manat məbləğdə müqavilə imzalamışıq. Amma 4 milyona yaxın məbləğ verildi. Onun da 18%-i ƏDV-yə çıxıldı. 

Layihəmizi əlimizdən almamaq üçün məndən 990 min manat tələb etdilər. Həmin məbləği Sahilə Xanıma verdim. Pulu hissə-hissə vermişəm. Dedi ki, tenderin sizdən alınmaması üçün pul Vilyam Hacıyevə veriləcək. Pulu verdikdən sonra heç bir problem olmadı. 

Layihənin təqdimatında iki dəfə Vilyam Hacıyevlə görüşmüşük”.

Vəkil Elnur Musayevdən bu məbləğdən şirkətin mənfəətinin nə qədər olmasını soruşub.

Hakim vəkilin sualının məhkəmə prosesinə heç bir aidiyyəti olmadığı üçün çıxarıldığını elan etdi.

Vilyam Hacıyev isə şəxsi tanımadığı və heç zaman görüşmədiyini dedi.

Eyni zamanda, Vilyam Hacıyev zərərçəkmişin maddi marağı olduğu üçün rüşvət verdiyini iddia etdi:

“Mən sənin verdiyin ifadələri yalan hesab edirəm. Mən sizdən rüşvət tələb etməmişəm. Əgər mənimlə real görüşüb o pulu verməmisənsə, niyə rüşvət istədiyimi deyirsən? 

Bəlkə, Sahilə xanım aparıb pulu Kür, Araz çayına atıb. Qeyri-qanuni pulu kimə vermisənsə, get onunla danış. Mənə pul verməmisən. Sən qanunsuz iş görmüsən. 

Sən yalan deyirsən. Əgər maddi marağın olması idi, o qədər yüksək məbləğdə pul verməzdin”.

Zərərçəkmiş şəxs isə işi davam etdirmək üçün pulu məcbur olaraq verdiyini deyir.

Sonra zərərçəkmişlər sırasında olan Nakim Şərəfov icra hakimiyyətinin ondan 10 min manat tələb etdiyini bildirdi:

“2019-cu ildə məni icra hakimiyyətinə dəvət edib, rayon tədbirlərinin təşkilinə görə 2 min 500 manat tələb etdilər. Başçı dedi ki, apar pulu mühasibatlığa ver. Mən də verdim.

Bundan sonra işlədiyimiz sahədə kənd əhalisi ilə narazılıq yarandı. İcazə vermirdilər işləməyə, qanunsuz adlandırırdılar. Gəldim icra hakimiyyətinin qəbulunda oldum. Dedi ki, sənə kömək edərəm amma rayonda tədbirlərin təşkili üçün 10 min manat lazımdı.

Dedim ki, 10 min manatım yoxdur, amma bacardığımı verərəm. 8 min 500 manat verdim. Məbləği verdikdən sonra işləri davam etdirdik”.

Təqsirləndirilən şəxsin vəkili ifadələrin yarımçıq olduğunu, məbləğlərin tam açıqlanmasının vacibliyini vurğuladı.

Daha sonra zərərçəkmiş qismində Kamran Nuriyev ifadə verdi: 

“Babamdan qalan torpaq sahəsi vardı. Onun rəsmiləşdirilməsi üçün müraciət etdim. Sərəncamın verilməsi üçün 800 manat pul tələb etdilər. 3-4 gün ərzində pulu toplayıb icra hakimiyyətinə təqdim etdim. 1 həftə sonra sərəncam verildi”.

İfadələr dinlənildikdən sonra məhkəmənin növbəti iclası aprelin 15-ə təyin edildi.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israfetmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3267
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05