Şahidlər danışır, təqsirləndirilən danır – 11 il əvvəlki ÖLÜM İŞİ
28 aprel 2026 11:43 (UTC +04:00)

Şahidlər danışır, təqsirləndirilən danır – 11 il əvvəlki ÖLÜM İŞİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə  bıçaqla xəsarət yetirərək ölümə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid Ə.R hadisə baş verən gün iki nəfərin qonşusunun evini təqib etdiklərini gördüyünü bildirib:

"Axşam vaxtı idi. Mən dərman almaq üçün aptekə getməli idim. Qayıdanda gördüm ki,  iki nəfər qonşumun hasarının yanında dayanıb. Mən qorxmağa başladım. Bunlar məni görəndə qaçmaq istədilər. Biri hündür və dolu, digəri arıq və cılız kişi idi. Mən həyətimizə keçəndə geri dönüb baxanda onları görmədim. Evə gəlib gördüklərimi həyat  yoldaşıma dedim. O da dedi ki, yəqin  evin yaxınlığındakı tikintinin  fəhlələridir. Sabah gördüklərimi qonşumun özünə desəm də, dediklərimi ciddiyə almadı. Bir-iki həftə keçdi. Yoldaşım dedi ki, Namiqi bıçaqlayıblar".

Təqsirləndirilən Hüseyn Cəfərov "Biz Özalla ora getmişik, inkar eləmirəm. Amma xanımın dediyi vaxt orada olmamışıq"-deyib.

Şahid V.S iş üzrə hər iki təqsirləndirilən şəxsi məktəb vaxtlarından tanıdığını deyib:

"Məktıbdə oxuyanda Özalı tanımışam, məndən bir sinif aşağı oxuyurdu. Mən taksi sürürdüm. Bir gün Özaldan zəng gəldi ki, onu və Hüseyni taksi ilə Sabunçuya aparmaq  lazımdır. Özal xaricdən elektronika malları gətirib satmaqla məşğul idi. Arxada Hüseyn, Özal da qabaqda oturdu, getdik Sabunçudakı xəstəxananın yaxınlığına. Çatanda Özal dedi ki, "Gözlə, on dəqiqəyə  gəlirik". Dediyi vaxtda Ozal gəlib Hüseynin harada olduğunu soruşdu. Bilmədiyimi dedim. Başladıq onu axtarmağa, lakin tapa bilmədik. Mən Özalı aparıb məhlədə düşürdüb, sonra evimə qayıtdım".

Təqsirləndirilən Hüseyn Cəfərov şahidin yalan danışdığını və həmin gün onun taksisində olmadığını bildirib.

Növbəti proses 5 may saat 10:30-a təyin olunub.

Xatırladaq ki, Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən  həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub. 

Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar