Balakəndə evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Balakən rayonunun Tülü kəndində yerləşən evlərin birindən 23 minlik oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Axşam saatlarında evə daxil olan naməlum şəxs oradan 12 min ABŞ dolları, 3 min manat pul və 2600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Pərviz Umudov saxlanılıb.
Saxlanılan şəxs ifadəsində qonşusunun yaxın qohumlarının toy mərasimində iştirak etdiyini fürsət bilərək həmin evə daxil olduğunu bildirib. İlkin araşdırma zamanı müəyyən edilib ki, P.Umudov niyyətini həyata keçirdikdən sonra qızılları əvvəllər özünün təhsil aldığı məktəbin həyətində gizlədib, pulu isə götürərək Bakı şəhərinə gedib. Paytaxtda oğurladığı pulların bir hissəsini əyləncə mərkəzlərində, qalanını isə brend geyim mağazalarında xərcləyərək özünə bahalı paltar alıb. Davam etdirilən tədbirlərlə onun gizlətdiyi qızıl-zinət əşyaları da maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb, Pərviz Umudovun digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.