APA-nın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şöhrət Quliyev, Səxavət Xuduyev və Mehman Qəhrəmanov son söz deyiblər. Onlar özlərini təqsirli bilmədiklərini, istintaqın qərəzli aparıldığını deyiblər. Bundan sonra hakimlər müşavirəyə gediblər. Dekabrın 28-də təqsirləndirilən şəxslərə hökm oxunacaq.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, dəstə üzvlərindən Şöhrət Quliyev, Mehman Qəhrəmanov və İlham Şabanovun əmlakı müsadirə olunmaqla ömürlük, Anar Həsənovun ömürlük, Səxavət Xudiyevin 15 il, Xəzər Kazımovun 10 il, Məharət İsmayılov və Bilal Verdiyevin 4 il 6 ay, Elim Şahmuradov və Nuru Atayevin 4 il, İlahibə Ələsgərovun 3 il 6 ay, Rabit Abdinovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 217-ci (banditizm) və 228-ci (qanunsuz olaraq odlu silah, sursat əldə etmə və saxlama) və digər maddələri ilə ittiham olunurlar. İttihama görə, 2003-cü ilin dekabr ayında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər. Cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürüb. 2004-cü il martın 22-də “Makarov” tapançası ilə silahlanan cinayətkar dəstənin üzvü İlham Şabanov Şöhrət Quliyevin göstərişi ilə Gəncə şəhəri sakini Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.
Aparılan istintaqla cinayətkar dəstənin başqa cinayətləri də müəyyən olunub.
Qətldə ittiham edilən biznesmen Şöhrət Quliyev son söz dedi
1304