Tərtər rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxsi müəyyən edib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonunun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakini İsmayıl Mahmudov saxlanılıb.
İ.Mahmudov müxtəlif vaxtlarda dəfələrlə işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib, polis əməkdaşları onun bu cəhdlərinin qarşısını alıb.
Qeyd edək ki, İ.Mahmudovun qardaşı Bəxtiyar Mahmudov bir müddət əvvəl Talış kəndində minaya düşərək həlak olub.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilmiş, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilmişdir.