Polisdən  XÜSUSİ ƏMƏLİYYAT:   30-a yaxın tutulan var -  VİDEO
04 aprel 2022 17:11 (UTC +04:00)

Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 30-a yaxın tutulan var - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxtvə bölgələrdə xüsusi əməliyyatlar keçirib gizlin anbarlarda 63  kiloqramdan artıq narkotik maddə saxlayan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan daha 29 nəfər saxlanılıb. 

Həmin şəxslərdən ümumilikdə 63 kiloqramdan artıq  narkotik vasitə və psixotrop maddə, 550 ədəd psixotrop tərkibli həb, həmçinin kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 91 kiloqram olan 468 ədəd çətənə kolu aşkar edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonu Hövsan qəsəbəsində keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şakir Rəfiyev tutulub. Onun həyətindəki narkotik tərkibli bitkilər yetişdirmək üçün xüsusi olaraq su, işıq və havalandırma ilə təchiz edilmiş istixanaya baxış zaman 468 ədəd çətənə kolu və evindən satış niyyəti ilə qurutduğu 12 kiloqram marixuana aşkar olunub.

Baş İdarə əməkdaşlarının Salyan və Biləsuvar rayonlarnda həyata keçirdikləri əməliyyatlar zamanı  isə paytaxt sakinləri Adət Qədirovla Elsevər Fətəliyev saxlanılıblar. Onların üzərlərinə, avtomobillərinə və xüsusi olaraq narkotik vasitələrin saxlanc yeri kimi istifadə etdikləri gizli anbarlara baxış zamanı 38 kiloqram heroin, metamfetamin, tiryək, marixuana, narkotik satşı zamanı qeydlər apardıqları dəftərlər, onlayn satış zamanı istifadə olunan plastik kartkar, pul vəsaitləri və elektron tərəzilər aşkar olunub.

Qeyd edək ki, Adət Qədirov və Elsevər Fətəliyev mütəşəkkil dəstə halında xaricdən göndərilən külli miqdarda narkotik vasitəni ölkə ərazisində qəbul ediblər. Daha sonra onlar narkotikləri müxtəlif üsullarla əvvəlcədən hazırladıqları yerlərdə gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar.

Paytaxtın Yasamal, Nizami, Nərimanov, Suraxanı, Sabunçu, Binəqədi rayonları, eləcə də, Abşeronda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 10 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik kartlar aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri, həmçinin Astara, Yevlax və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 12 nəfər saxlanılıb. Bu şəxslərdən  3  kiloqram heroin, metamfetamin, elektron tərəzilər, həblər və plastik kartlar aşkar olunub.
Faklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3996
avatar

Aytəkin Cəlali

Oxşar yazılar