Sankt-Peterburq şəhərinin Vıborq Rayon Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham olunan polislər Hacı Xudiyev və Aleksey Litkini iki aylıq həbs edib.
Lent.az xəbər verir ki, bu barədə mediaya Sankt-Peterburq məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu ilin aprelində cinayət-axtarış qrupunun əməliyyatçısı Litkin və növbətçi Xudiyev Vıborq rayon polis şöbəsinə müraciət edən şəxsə qarşı fiziki güc tətbiq ediblər. Polislər və vətəndaş arasında münaqişə yaranıb. İttihamda isə bu məqam “qəfil yaranan şəxsi düşmənçilik münasibətləri zəminində” kimi qiymətləndirilib.
Məlumatda bildirilir ki, zabitlər vətəndaşı yumruq və təpiklə vurublar və ona “elektroşok” cihazı ilə azı 10 zərbə endiriblər.
Şübhəlilər saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb. Məhkəmə istintaqın vəsatətini təmin edərək, təqsirləndirilən şəxsləri 24 avqust 2024-cü il tarixinədək həbsə göndərib. Cinayət işinin istintaqı isə davam edir.