Xəbər verildiyi kimi dünən naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bununla əlaqədar Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 31 yaşlı Vüqar Tağızadə və 26 yaşlı Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb.
Bu hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Tağıyevin abidəsini zədələyən şəxslər
***
saat 08:16
Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Lent.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, hazırda araşdırma davam edir.
DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.
Qeyd edək ki, naməlum şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlində əlindəki təsbehi qırıb kənara atmışdı.