Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi “DAF” markalı nəqliyyat vasitəsi stasionar postda manevr etmə qaydasını pozduğu üçün saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.
R.Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.