Milyonlarla insanın susmağa üstünlük verdiyi dünyada hər zaman cəsarətlə “yox” deməyi bacaran insanlar tapılır. Onların silahı vicdan, mübarizə meydanı isə öz daxilində apardıqları mənəvi savaşdır. Kino tarixində bir insanın bütöv sistem üçün təhlükəyə çevrildiyi hadisələr dəfələrlə ekranlaşdırılıb.
Lent.az xarici mediaya istinadən sistemə qarşı çıxmaq cəsarətindən bəhs edən 6 maraqlı filmi təqdim edir.
“Başqalarının həyatı” (2006-cı il)
Alman istehsalı olan bu dram filmi tamaşaçıları 1984-cü ilin Şərqi Berlininə aparır. Həmin dövrdə Şərqi Almaniyanın dövlət təhlükəsizlik xidməti olan “Ştazi” cəmiyyəti ciddi nəzarət altında saxlayırdı.
“Ştazi”nin zabiti, kapitan Vizlerə tanınmış teatr dramaturqunu və onun sevgilisini gecə-gündüz dinləmək tapşırılır. Onlar siyasi baxımdan etibarsız hesab olunduqları üçün izlənilirlər.
Lakin Vizler başqalarının söhbətlərini dinlədikcə, qadağan olunmuş kitabları oxuduqca, incəsənət və səmimi hisslər dünyasına yaxınlaşdıqca onun dünyagörüşü dəyişməyə başlayır. Totalitar qaydalar üzərində qurulmuş həyatı mənasını itirir və o, sistemə qarşı çıxmaq kimi təhlükəli seçim qarşısında qalır.
Rejissor Florian Henkel fon Donnersmark üçün bu hekayə şəxsi əhəmiyyət daşıyır. Onun ailəsi Berlin divarı tikilməzdən əvvəl Şərqi Almaniyanı tərk etmək məcburiyyətində qalmışdı. Uşaqlıq illərində Almaniya Demokratik Respublikasındakı qohumlarını ziyarət edərkən gördüyü təzyiqlər və sərhəddəki yoxlamalar rejissorun azadlıq mövzusuna marağını formalaşdırıb.
Film incə psixoloji təsvirlərinə görə yüksək qiymətləndirilib və “Ən yaxşı xarici dildə film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
“Casuslar körpüsü” (2015-ci il)
Rejissor Stiven Spilberqin çəkdiyi bu təsirli dramın hadisələri Soyuq müharibə dövründə cərəyan edir.
Filmin əsas qəhrəmanı sığorta hüququ üzrə ixtisaslaşmış Nyu-York vəkili Ceyms Donovandır. Onun rolunu Tom Henks canlandırır.
Donovana casusluqda şübhəli bilinərək həbs edilən sovet agenti Rudolf Abeli müdafiə etmək tapşırılır. Cəmiyyətdə kommunistlərə qarşı güclü nifrət olmasına və ciddi təzyiqlərlə üzləşməsinə baxmayaraq, vəkil müvəkkilinin qanun qarşısında bərabər hüquqlara malik olduğunu müdafiə edir.
Daha sonra Donovan Berlin divarı ilə bölünmüş şəhərə yollanır. Burada o, Abelin amerikalı əsirlərlə dəyişdirilməsi üçün SSRİ və Şərqi Almaniya nümayəndələri ilə təhlükəli danışıqlar aparmalı olur.
Film bir insanın mənəvi prinsiplərə sadiq qalaraq dövlət maşınına və siyasi riyakarlığa necə müqavimət göstərə biləcəyini nümayiş etdirir.
Ekran əsəri altı nominasiya üzrə “Oskar”a namizəd göstərilib. Rudolf Abeli canlandıran Mark Raylens isə “Ən yaxşı ikinci plan aktyoru” mükafatını qazanıb.
“Kuryer” (2019-cu il)
Rejissor Zakari Adlerin çəkdiyi bu döyüş-triller mafiya sistemi və korrupsiyaya bulaşmış hüquq-mühafizə orqanları ilə mübarizədən bəhs edir.
Hadisələr müasir Londonda baş verir. Nüfuzlu kriminal avtoritet İezekiil Menninqs ev dustaqlığındadır və məhkəməsini gözləyir. Həbsdən yayınmaq üçün o, əsas şahid olan Niki aradan götürməlidir. Nik ciddi mühafizə altında, zirehli otaqda saxlanılır.
Mafiya başçısı ona çatmaq üçün motosikletlə işləyən qadın kuryerdən istifadə etmək qərarına gəlir. London küçələrində sürətlə hərəkət edən və müşahidə kameralarından yayınmağı bacaran qadına Nikin olduğu yerə bağlama çatdırmaq tapşırılır.
Lakin kuryer bağlamanın ölümcül təhlükə yaratdığını anlayır. O, şahidi öldürmək əvəzinə, həyatını xilas etmək qərarına gəlir. Bu seçim qadını ölümcül tələyə salır. Artıq həm Menninqsin adamları, həm də korrupsiyaya bulaşmış agentlər onun və Nikin izinə düşürlər.
Filmdə baş rollardan birini məşhur aktyor Qari Oldman canlandırır.
“Cənab Cons” (2019-cu il)
Rejissor Aqneşka Hollandın çəkdiyi bu tarixi dram XX əsrin ən mühüm jurnalist araşdırmalarından birinə həsr olunub.
Ukrayna, Polşa və Böyük Britaniyanın birgə istehsalı olan film real hadisələrə əsaslanır.
Əsas qəhrəman uelsli jurnalist Qaret Consdur. O, 1933-cü ildə “Stalinin iqtisadi möcüzəsi” haqqında yaradılmış təsəvvürlərin nə dərəcədə doğru olduğunu araşdırmaq üçün Sovet İttifaqına yollanır.
Lakin jurnalist Moskvanın rahat mühitindən uzaqlaşaraq gizli şəkildə Sovet Ukraynasına səfər edir. Burada o, dəhşətli mənzərə ilə qarşılaşır: kütləvi aclıq, boşalmış kəndlər, taqətdən düşmüş insanlar və ümidsizlik.
Totalitar sistem isə bu fəlakəti təbliğat və informasiya məhdudiyyətləri vasitəsilə dünya ictimaiyyətindən gizlətməyə çalışır. Film Ukrayna xalqının yaşadığı faciəni son dərəcə təsirli şəkildə nümayiş etdirir.
Qaret Cons Qərbə qayıtdıqdan sonra gördüklərini dünyaya çatdırmağa çalışır. Lakin onun qarşısına nüfuzlu media qurumlarının təkzibləri, siyasi maraqlar və yalan məlumatlar çıxır. Xüsusilə jurnalist Uolter Düranti kimi şəxslər siyasi maraqlar naminə fəlakətin miqyasını kiçiltməyə çalışırlar.
Filmdə Qaret Consu britaniyalı aktyor Ceyms Norton, Uolter Dürantini isə Piter Sarsqaard canlandırır.
“Vaşinqton Post” (2017-ci il)
Bu siyasi dram ABŞ tarixində mətbuat azadlığı uğrunda aparılmış ən mühüm mübarizələrdən birini ekranlaşdırır.
Film 1971-ci ildə “The Washington Post” qəzetinin Pentaqonun məxfi sənədlərini dərc etməsi ilə bağlı real hadisələrə əsaslanır. Sənədlər ABŞ hakimiyyətinin bir neçə prezident administrasiyası dövründə Vyetnam müharibəsinin dəhşətlərini və onun perspektivsizliyini ictimaiyyətdən gizlətdiyini üzə çıxarırdı.
Rejissor Stiven Spilberq bu hadisəni ekranlaşdırmaq üçün məşhur aktyorları bir araya gətirib. Meril Strip “The Washington Post” qəzetinin naşiri Ketrin Qrehemi, Tom Henks isə qəzetin baş redaktoru Ben Bredlini canlandırır.
Filmin qəhrəmanları olduqca çətin seçim qarşısında qalırlar: Ağ Evin təzyiqlərinə və cinayət təqibi təhlükəsinə boyun əymək, yoxsa həqiqəti ictimaiyyətə çatdırmaq üçün bizneslərini və şəxsi azadlıqlarını riskə atmaq. Jurnalistlərin prezident Riçard Nikson administrasiyasına qarşı müqaviməti ABŞ-da söz və mətbuat azadlığının qorunması baxımından mühüm hadisələrdən birinə çevrilir.
Film azad medianın hakimiyyət üzərində ictimai nəzarət rolunu ön plana çıxarır.
“Dəmir pərdə” (2026-cı il)
Bu yeni siyasi triller tamaşaçıları 1981-ci il dekabrın 13-nə aparır. Həmin gün sosialist Polşasında demokratik müxalifəti susdurmaq məqsədilə hərbi vəziyyət elan edilmişdi.
Bir gecənin içində Varşava küçələri tanklarla dolur, ölkədə sərt məhdudiyyətlər tətbiq olunur. Belə təhlükəli vəziyyətdə mühazirə oxumaq üçün Varşavaya gəlmiş britaniyalı psixiatriya professoru Coan Endryus ölkəni tərk edə bilmir. Sərhədlərin qəfil bağlanması onu təhlükəli vəziyyətdə qoyur.
Təsadüfən gizli polisin törətdiyi siyasi qətli fotoşəkillərlə qeydə alan professor həyatını xilas etmək üçün mübarizəyə başlayır. O, totalitar sistemin nəzarətindən yayınmalı və cinayəti sübut edən fotoşəkilləri ölkədən çıxarmalıdır.
Baş qəhrəmanı “Oskar” mükafatına namizəd olmuş britaniyalı aktrisa Lesli Menvill canlandırır. Film Nobel mükafatı laureatı Olqa Tokarçukun “Professor Endryus Varşavaya gedir” əsərinin motivləri əsasında hazırlanıb.
Ekran əsərində diktaturanın absurdluğu və adi insanın belə bir sistem qarşısında göstərə biləcəyi inanılmaz iradə nümayiş etdirilir. Filmin prodüseri Aqneşka Holland, rejissoru isə onun qızı Kasya Adamikdir.
Gərgin atmosferi, təsirli aktyor oyunu və siyasi mövzuya yanaşması ilə diqqət çəkən ekran əsəri tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Filmin Ukrayna kinoteatrlarında noyabrın 5-dən nümayiş etdirilməsi planlaşdırılır.