Narkotikin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları narkotik maddənin təsiri altında avtobus idarə edən Rəşad Nəcəfovun qanunazidd əməllərinin qarşısını alıb.
Sulutəpə qəsəbəsindən paytaxt istiqamətində hərəkətdə olan “MİDİBUS” markalı avtobusun sürücüsü Rəşad Nəcəfov saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Rəşad Nəcəfovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Rəşad Nəcəfov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Rəşad Nəcəfov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.