Müğənni Dəniz Əsədovaya qarşı yarım milyonluq dələduzluq edən baş həkim həbsdən buraxılıb.
Bu barədə Lent.az-a müğənni özü məlumat verib.
Onun sözlərinə görə, ev dustaqlığında olan 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarov başqa bir vətəndaşa qarşı dələduzluq etdiyi üçün dekabrın 23-də məhkəmənin qərarı ilə həbs edilib. Ötən gün isə Apellyasiya Məhkəməsi onun barəsindəki həbs qərarını ləğv edib. Bildirilir ki, R. İsfəndiyarov vətəndaşa dəymiş ziyanı ödədiyi üçün azadlığa buraxılıb.
Qeyd edək ki, bu gün müğənni Dəniz Əsədovanın şikayəti əsasında Rauf İsfəndiyarovun məhkəməsi olmalı idi. Lakin proses təxirə salınıb.
Xatırladaq ki, R.İsfəndiyarov Cinayət Məcəlləsinin 178.3.2, 179.2.3, 308.2, 32.4.308.2, 311.3.2, 311.3.3, 313, 32.4.313 və 320.1-ci maddələri ilə təqsirli bilinir.
Bildirilir ki, R.İsfəndiyarov müğənni Dəniz Əsədovadan aldatma yolu ilə 627 yüz min manat pul alıb. O, istintaq müddətində vəsaitin 100 min manatını geri qaytarsa da, digər hissəsini verməyib. Müğənni R.İsfəndiyarovun həbs edilərək ağır cəzalandırılmasını tələb edib.
Cinayət işi üzrə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosisal Müdafiə Fondu və müğənni Dəniz Əsədova zərərçəkmiş şəxs qismində tanınıb.
Onu da qeyd edək ki, R.İsfəndiyarov barəsindəki cinayət işi ilə əlaqədar bir neçə ay əvvəl 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib. O, bu ilin fevral ayında həbs edilib və 3 ay həbsdə saxlandıqdan sonra bu ilin may ayında ev dustaqlığına buraxılıb.
Bundan əlavə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin cinayət işi üzrə 308.2 və 313 cü maddələri cinayət işi ayrılıb müğənni Dəniz Əsədovanın şikayətçi olduğu onun pulunu mənimsəyən Şahin Verdiyev və Mehparə Kazımova barəsində araşdırma aparılır.