Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazinin çətin keçilən bataqlıq və küləkli hava şəraitinə baxmayaraq tam söndürülüb.
Bu barədə Lent.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində təxminən 200 hektar sahədə kol-kos və qamışlıq yanıb. Milli Parkın böyük hissəsi yanğından mühafizə olunub.
"Xatırladaq ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və yerli icra hakimiyyətinin müvafiq qüvvələri iştirak edib", - məlumatda qeyd olunub.