"Mənə azad yaşamaq istədiyini dedi" -  Arvadını güllələyən polis
08 fevral 2022 18:39 (UTC +04:00)

"Mənə azad yaşamaq istədiyini dedi" - Arvadını güllələyən polis

Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf vəsatət verərək hüquqi varis kimi Xanım Məmmədovanın anasının tanınmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyərək zərərçəkmiş şəxsin qardaşını hüquqi varis kimi tanındığını elan edib.

Prosesdə ittiham aktı elan olunub. Daha sonra təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. İ.Məmmədov ifadəsində həyat yoldaşını sevib ailə qurduğunu və övladı dünyaya gələnə qədər aralarında problem olmadığını deyib: "Xanımla 2014-ci ildə tanış olmuşam. 4 il universitetdə oxuyub. Onu üniversitetə hər gün mən aparıb gətirmişəm. Hətta mən ona görə, işimi gecə növbəsinə dəyişmişdim. 2014-ci ildə ailə qurduq. Əvvəldən razılaşmışdıq ki, ali təhsil alacaq, amma işləməyəcək. Övladım dünyaya gələndən sonra işləmək istədiyini dedi. Ondan sonra isə ailədə problemlər yaranmağa başladı. Sevmişəm, qısqanmışam, vurmuşam da, döymüşəm də. Sentyabrın 29-da paltar məsələsi ilə bağlı mübahisə etdik. Mən ona həmin koftanı geyinməyəcəyini desəm də, cavabında mənə azad yaşamaq istədiyini dedi".

İ.Məmmədov bildirib ki, mübahisə baş verən günün səhəri həyat yoldaşı evdən qaçmasın deyə qapını bağlayıb evdən çıxıb: "Evə qayıdanda gördüm qapı açıqdır, Xanım da yoxdur. Sentyabrın 30-u təhqiqatçı zəng vurdu ki, sizdən şikayət var. Mən Xanıma zəng vurub bölməyə gəlmə desəm də, artıq gec olduğunu dedi. Sonra məni polisə çağırdılar. Təhqiqatçı mənə iradlarını bildirdi. Dedi ki, Xanım səninlə bir yerdə qalmaq istəmir, bədənində xəsarətlər var. Mən təhqiqatçıya dedim ki, sən onun xəsarətlərini harda görmüsən? O sənə bədəninin şəkillərini atıb? Mən Xanımdan xahiş elədim ki, barışaq, üzr istədim. O isə mənə “yox” dedi. Sonra təhqiqatçıdan xahiş elədim, uşaqlarımla görüşüm. Otağa daxil olub uşaqlarımı qucaqladım. Bu vaxt Xanım mənə şərəfsiz dedi. Açığını deyim ki, mən uşaqlarla halallaşdıqdan sonra çölə çıxıb özümü öldürmək istəyirdim. Amma o bölmədə mənə dəfələrlə şərəfsiz deyəndən sonra özümə cavabdeh olmadım. Ondan sonra nə olduğunu xatırlamıram".

Vəkil Qanqa İbrahimovun “Nəyə görə, həyat yoldaşınıza 15 güllə vurdunuz”, sualına isə təqsirləndirilən şəxs "Mən onu məqsədli öldürmək istəsəydim, onu bir və ya 2 güllə ilə öldürərdim, 15 güllə vurmazdım. Özümdə olmadığım üçün 15 güllə vurmuşam" cavabını verib.

Vəkilin suallarını cavablandıran İ. Məmmədov deyib ki, o, həyat yoldaşının polis bölməsinə getməsini istəməyib: "Mən istəmirdim o polisə getsin. Çünki işlədiyim yer idi, kollektiv içində biabır olmaq istəmirdim. O koridorda iş yoldaşlarımın yanında mənə şərəfsiz dedi. Mən ona əsəbiləşdim. Mən sivil adamam. İstəyirdim ki, sakitliklə ayrılaq”.

Proses fevralın 22-də davam etdiriləcək.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2211
avatar

Oxşar yazılar