Bu il avqustun 26-da bir neçə Quba rayon sakininin öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq olunan cinayət işinin istintaqı yekunlaşdırılıb.
Quba rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış istintaqla rayonun Qımılqazma kənd sakini Aydın Şahverdiyevin rayonun Qəçrəş bələdiyyəsinin sədri vəzifəsini icra edən Vüqar Kərimovun ona istifadəsində olan torpaq sahəsini səndələşdirməyə köməklik etməyəcəyini yəqinləşdirib. Ondan qisas almaq məqsədilə idarə etdiyi avtomobili Vüqar Kərimovun ailə üzvləri Könül Hüseynova, Səlimə Kərimova, Kərim Kərimov və İlhamə Kərimovanın üzərinə sürüb. Nəticədə həmin şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Kənd sakinlərinin müdaxiləsi nəticəsində A. Şahverdiyev öz cinayətkar əməllərini başa çatdıra bilməyib.
Aydın Şahverdiyevə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.