Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Lerik Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində, təqribən, 1,5 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.
Meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.
***
saat 15.58
Lerikdə dağlıq-meşəlik ərazidə baş verən yanğın lokallaşdırılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.
Komissiya sədri bildirib ki, yanğın demək olar ki, söndürülüb: "Kiçik ocaqlar qalıb, onların da söndürülməsi istiqamətində işlər davam etdirilir. Əsas təhlükə aradan qaldırılıb".
***
saat 15.22
Xəbərə video əlavə edilib.
***
saat 13.31
Lerikdə dağlıq-meşəlik ərazidə yanğın Lerik və Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, bunu APA-ya Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.
Habil Məlikov qeyd edib ki, ərazi sıx meşəlikdir: “Hazırda bir neçə istiqamətdə yanğın müşahidə olunur və 1,5 ha ərazini əhatə edir. Güclü külək var. Şəxsi heyət yanğının qarşısını almağa çalışır".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədir.
***
saat 12.00
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Əlavə məlumat veriləcək.