Sərhəddə saxlanılan şəxs və narkotik
14 iyun 2022 15:03 (UTC +04:00)

Sərhəddə saxlanılan şəxs və narkotik

Külli miqdarda narkotiki Azərbaycana gətirə bilmədilər

11 kiloqram 499 qram narkotik vasitənin və 3956 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, iyunun 1-də saat 23:10-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb.

Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlənən bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Onun Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan 20 yaşlı Abbaszadə Fərəc Əli oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 3348 qram narkotik vasitə (2800 qram “heroin”, 520 qram “metamfetamin” və 28 qram “marixuana”) aşkar olunaraq götürülüb.

Mayın 31-də saat 23 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə məlumat daxil olub. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, ərazi qapadılıb. Sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlaıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.

Keçirilmiş sərhəd axtarışı və qoşun-əməliyyat tədbirləri nəticəsində meşəlik massivində kolluqların arasında gizlənən Astara rayonunun Ərçivan kənd sakini 29 yaşlı İmaməliyev Gündüz Əfqan oğlu saxlanılıb.

Araşdırma zamanı G.İmaməliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına narkotik vasitələr gətirmək məqsədilə dövlət sərhədini pozması müəyyənləşdirilib.

G.İmaməliyevin saxlanıldığı ərazidə xidməti itlər də cəlb edilməklə keçirilmiş axtarış zamanı kolluqların arasında onun tərəfindən gizlədilmiş 1 ədəd çanta, içərisində ümumi çəkisi 7748 qram olan müxtəlif növ narkotik vasitələr (2149 qram “heroin”, 2265 qram “marixuana”, 2039 qram “tiryək”, 1295 qram “metamfetamin”) 976 ədədpsixotrop tərkibli “metadon-40” həbi və 1 ədəd ov bıçaqı aşkar edilərək götürülüb.

İyunun 8-də saat 0:10-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 0:50-də Ələt-Astara avtomagistral yolunun 13-cü km yaxınlığında sərhədboyu ərazidə avtomobildən düşərək yol nişanı sütünunun altından naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Lənkəran şəhər sakini 40 yaşlı Ağayev Kənan Sərhad oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində 403 qram narkotik vasitə “heroin” və 2980 ədəd psixotrop tərkibli “metadon-40” həbi  aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Mehman Nəbiyev

Oxşar yazılar