İyulun 28-dən başlayaraq ölkə ərazisində müşahidə edilən güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri zəruri tədbirlər görülməsini təmin edib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında güclü külək səbəbindən Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən kondisionerin qoparaq asılı vəziyyətdə qalan mühərrik hissəsi və Səbail rayonu, Neftçilər prospektində dördmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi dərhal əraziyə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri müvafiq qaydada götürərək ətrafdakı insanlar üçün yaranmış təhlükəni aradan qaldırıb.
Bundan başqa, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində aşaraq vətəndaşların sərbəst hərəkətinə maneə yaradan ağac əraziyə cəlb edilən XRXX-nin xilasediciləri ərazidən götürərək vətəndaşların sərbəst hərəkəti təmin edib.
Eyni zamanda, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri t Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində beşmərtəbəli yaşayış binasının damından asılı vəziyyətdə qalan yağış sularının axıdılması üçün nəzərdə tutulan təqribən 4 metr uzunluğunda olan dəmir borunu xüsusi vasitələrlə kəsərək götürüb və sakinlərin təhlükəsizliyi təmin edilib.