Ağsuda evdən 10 min manata yaxın pul oğurlanıb.
Lent.az xəbər verir ki, hadisə Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakininin evindən 9360 manat pul oğurlanıb.
Məlumata görə, oğurluqda zərərçəkənin 22 yaşlı əmisi oğlu şübhəli bilinərək, şöbəyə dəvət olunub. Lakin şübhəli şəxs polisin onu şöbəyə çağırmasına əsəbiləşərək, ictimai yerdə ucadan qışqırıb və ünvansız nalayiq ifadələr işlədib.
Bu əməlinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Ağsu rayon Məhkəməsində hakim Babək Qasımovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində 8 gün müddətinə inzibati həbs qərarı verilib.