Yardımlıda külli miqdarda narkotik aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, aprelin 11-də saat 22:50-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu, Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.
Axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanan 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram heroin, 8 kiloqram 480 qram marixuana, 0.60 qram metamfetamin) bənzər maddələr və psixotrop tərkibli 3189 ədəd metadon-40 dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.