İrandan Azərbaycana 64 kilo narkotik keçirmək istəyən dəstə tutuldu
26 dekabr 2023 15:51 (UTC +04:00)

İrandan Azərbaycana 64 kilo narkotik keçirmək istəyən dəstə tutuldu

“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə cəhd edənlər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və axtarış tədbirləri keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.

Sərhəd naryadının sayığlığı və peşəkarlığı nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən sərhəd pozucularından biri Yardımlı rayon Ostayır kənd sakini − Rəhimov Xalid Teyyub oğlu saxlanılıb.

Əraziyə keçirilən baxış zamanı ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə (64 kiloqram 300 qram marixuana, 32 qram tiryək) və 100 ədəd psixotrop tərkibli "Dimenhydrinate 50 mg - Jalinous" həbləri aşkar edilərək götürülüb.

Ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvlərinin şəxsiyyətləri müəyyənləşdirilərək dekabrın 25-də Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 0:35-də Yardımlı rayon sakinləri − Rəhimov Saiq Teyyub oğlu və Cabbarov Cavid Əliisa oğlu, saat 10:30-da isə axtarışı davam edən digər qaçaqmalçı Qasımov Nurlan Fitat oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

Oxşar yazılar