Azərbaycanın Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, aprelin 4-də saat 06:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadının “dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilmiş və onlardan biri yaralanıb. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keçib.
Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilib və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.
Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub.
Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkələri həyata keçirilir.