Bir neçə gün öncə “İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən materialla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusunu cavablandırıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xidmət rəisi "İctimai" TV-də sözügedən materialın sifariş əsasaında yayılması fikirlərini əsassız hesab edib:
"Əvvəl onu qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən “İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən “İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir".