Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin hədə-qorxu ilə tələb etdiyi "İphone" markalı telefonu ona verdiyini deyən şahid Ziya Məmmədovun prosesə gəlmədiyi məlum olub. Bildirilib ki, ötən iclasda onun prosesə məcburi gətirilməsi barədə qərar qəbul edilsə də, onun bu gün keçirilən məhkəməyə gətirilməsi təmin olunmayıb. Məhkəməyə məlumat daxil olub ki, o, iş materiallarında göstərilən ünvanda yaşamır.
Belə olan halda, hakim Fikrət Qəribov şahidin istintaq zamanı verdiyi ifadəsi ilə kifayətlənmək məsələsini müzakirəyə çıxarıb. A.Abdullayevin vəkili buna etiraz edərək şahidin dindirilməsində israrlı olduğunu bildirib: “Bu işdə yeganə adamdır ki, təqsirləndirilən şəxsə nə isə verdiyi deyir. Onun ifadə verməsi bizim üçün vacibdir. Xahiş edirik məcburi gətirilmə qərarı icra olunsun".
Ata Abdullayev özü də Ziya Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib: “Mənə telefonu hədiyyə verən Ziyadır, deməli, mən onu Ziyaya qaytarmalıyam. O da hazırda ortada yoxdur. Xahiş edirəm, məhkəməyə gəlsin".
Məhkəmə şahidin tapılaraq prosesə gətirilməsi istiqamətində daha bir addım atılması ilə bağlı qərar verib. Bundan sonra Ata Abdullayev məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirlilən şəxs bildirib ki, bu işdə zərərçəkmiş şəxslərin heç birindən pul tələb etməyib: "Mənim iki min videom var. Onların təxminən 500-ə qədəri sosial problemlərlə bağlıdır. Telefonum daim açıq olurdu. Mənə şikayətlər gəlirdi”.
O, zərərçəkmiş kimi tanınan Elmar Əliyevin verdiyi ifadə barəsində danışaraq deyib, ondan 2019-cu ildə pul istəməsi barədə dedikləri yalandır: “Mən həmin vaxt ailəmlə Misirdə istirahətdə olmuşam”.
Bundan sonra A.Abdullayev Masazır icra nümayəndəsindən pul tələb etməsi epizodu ilə bağlı danışıb: “Tək Masazırda yox, Abşeronun çox yerlərində çəkilişim olub. Masazırda zibillərin daşınması ilə bağlı vəziyyət çox acınacaqlı idi. Zibil qutuları da yox idi. Olanların da təkərləri yox idi ki, normal qaydada daşınsın. Natəmizlik hökm sürürdü. Vəzifəli şəxslərə də həmin yerin ünvanını vermişəm. Düzü, sonra oranı təmizlədilər, bundan sonra gedib onu da çəkdim. Onda icra nümayəndəsi Şahlar Həsənov mənə nömrəsini də verdi. Mənə "bacıoğlu" deyirdi. Mən heç kimə deməmişəm ki, mənə pul ver. Hər bir insan kimi mənim də səhvim var".
A. Abdullayev ifadəsində digər iki zərərçəkmişdən də pul almadığını deyib və bildirib ki, əgər pul tələb etsəydi, dərhal zəng edib şikayət edərdilər.
Proses dekabrın 14-də davam etdiriləcək.
Xatırladaq ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
A.Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.