Beyləqan rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb.
Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.
Hərəkətdə olan, 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, 11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşınında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.
Digər "Nissan" avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.
Yaralılar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.