1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
“And içdi ki, pulu verəcəyəm, vermədi...”
İfadə verən Mahir Əliyev dedi ki, İnqilab küçəsindəki obyektə görə Maqsudun həyat yoldaşı onları məhkəməyə verib:
"Obyektin aylıq icarəsinə ayda 8 min manat istəyirdi. Maqsudun adamları qiymət dedi. Obyekti 310 min manata satdı. Aslan Qəhrəmanov dedi ki, obyekt mənimdir, Maqsud satır. 3 ay sonra dedilər ki, bizi məhkəməyə verib obyekti geri qaytarmaq istəyir. Mən də Maqsuddan pulumu tələb elədim. Bizə and içdi ki, pulu verəcəyəm. Sonra pulu vermədi, obyekt də qaldı özümüzə. Yoldaşı bizi obyektə görə məhkəməyə verdi".
Sonra Mübariz Məmmədovun ifadəsi dinlənildi. O, lombardın sürücüsü olmasına baxmayaraq, çox şeydən xəbərsiz olduğunu vurğuladı:
"Mən qızılları işçilərlə birlikdə gedib bankdan götürüb, gəlirdim. Maqsud dəfələrlə mənə qızıl verib, aparıb Rasim Əlibəyliyə vermişəm. Rasim dəfələrlə lombarda gəlirdi".
“Deyir, 4 ay heç kimi tanımamışam, yalandır”
Maqsud Mahmudov M.Məmmədovun dediklərinə münasibət bildirdi:
“O, heç nə bilmir. Sürücü olub. Ondan heç nə soruşmayın. Mən 4 ay heç kimi tanımamışam, xəstə olub, evdə yatmışam”.
Maqsud Mahmudovun 4 ay heç kimi tanımadığını sürücü də təsdiqlədi.
Lombardın icraçı direktoru Mədinə İsrafilova sürücünün ifadəsinə etiraz etdi. Bildirdi ki, Maqsud Mahmudov 4 ay müddətində evdən çıxmamağı yalandı:
“O, hamını yaxşı tanıyırdı. Özünü elə aparırdı”.
“Maqsud qaçandan sonra, malların sahibləri gəldi...”
Etiraza münasibət bildirən Maqsud Mahmudov hər şeyin öyrədilmiş ifadə olduğunu iddia etdi.
Lombardın işçisi, zərgər İlham Hüseynova söz verildi:
"Həmişə gəlib bizdən qızıl götürürdü, pul verirdi. Axır vaxtlar gəlmədi, dedilər müflis olub. "Həyat ağacı" və vaza suvenirlərini Maqsud gətirib bizə girov qoydu. Maqsud qaçandan sonra ayrı-ayrı şəxslər gəldi ki, mallar bizimdi. Pul ödənilmədiyi üçün biz malları vermədik".
Mədinə İsrafilova onun şahid kimi yox, zərərçəkmiş şəxs kimi tanınmaq istədiyini dedi:
“Mən şahid deyiləm. Zərərçəkmişəm. Maqsudun qoyub getdiyi borcları indi mən ödəyirəm. Mənim Qaradağ rayon icra başçısı ilə şəkillərimi paylaşıb şərəf və ləyaqətimi tənqid edirdi. Şərəfsizdir”.
“Qızıl-zinət əşyalarının qiymətləndirilsin...”
Maqsud Mahmudov Mədinə İsrafilovanın iradına qarşılıq verərək:
“Sən buna layiqsən deyə qoymuşam”.
Hakim proses iştirakçılarından biri-birlərinə hörmətlə yanaşmağı, nalayiq ifadələr işlətməməyi tövsiyə etdi.
Sonra Maqsud Mahmudov İlhamın anasının hər dəfə onun evinə yemək göndərdiyini unutmadığını dedi.
Vəkil Maqsud Mahmudovun girovluqda olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi və ekspertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırdı.
“Əmlakımı bölün, mən də gedim cəzamı çəkim”
Daha sonra məhkəmə müşavirəyə getdi.
Müşavirəndən qayıdan məhkəmə vəkilin vəsatətini təmin etmədi.
Maqsud Mahmudov zərərçəkmişlərə müraciət edərək dedi ki, əmlakını zərərçəkmişlərə verib:
"Gəlin belə danışaq. Məni təhqir etməyin, mən də sizi təhqir etməyim. Belə edək, mənim sizə verəcək pulum yoxdur. Sizə nə verirlər götürün, əmlakımı bölün. Mənə onsuz da iş verəcəklər, sizin də əliniz hər şeydən çıxacaq. Öz aranızda razılığa gəlin, əmlakımı bölün. Mən də gedim cəzamı çəkim".
Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olundu.
Hakim məhkəmənin növbəti iclasını aprelin 25-ə təyin etdi.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var.