“Hizbullah” terrorçuları bir mühüm səbəbdən Nəsrullahın varisinin ölümünü elan etməyə tələsmirlər.
Livanın təhlükəsizlik xidmətindəki mənbə “Hizbullah”ın yüksək səviyyəli lideri Haşim Safi əd-Dinin Beyrutun Daiya bölgəsində ötən həftənin cümə axşamından cüməyə keçən gecə baş verən hücumda öldüyünü təsdiqləyib. Həsən Nəsrullahın nəzərdə tutulan varisi hesab edilən Safi əd-Din hücumda öldürülüb, lakin “Hizbullah” rəsmi olaraq matəm elan etməyi təxirə salıb
Lent.az xarici KİV-ə istinadən bildirir ki, mənbənin sözlərinə görə, buna səbəb xilasedicilərin meyitin hadisə yerindən çıxarılması əməliyyatını hələ də başa çatdırmamasıdır.
Bildirilir ki, cəsədin çıxarılması üzrə işlər tamamlanan kimi “Hizbullah”dan rəsmi açıqlama gözlənilir. Nəsrullahı öldürmək üçün istifadə edilənlərə bənzər nüfuzedici bombalardan istifadə edilən hücum, liderinin öldürülməsindən sonra qruplaşmaya vurulan ən böyük zərbələrdən biri olub.
Safi əd-Din “Hizbullah”ın icra şurasının rəhbəri vəzifəsində çalışıb və təşkilatın rəhbərliyində potensial olaraq Nəsrullahın varisi hesab edilən əsas fiqurlardan biri olub. Bununla belə, Səudiyyə Ərəbistanı mediasına görə, hazırda “Hizbullah”da öldürülən lideri əvəz edəcək dəqiq namizəd yoxdur və qruplaşmaya birgə komandanlıq formasında rəhbərlik edilir.