Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Hüseyn Səfərov bildirib ki, hakimin verdiyi uzun fasilə günlərində Mövlam Şıxəliyev vəkili Arzu Cavadov vasitəsi ilə onunla təmas qurub: “Mövlam Şıxəliyev istəyirdi ki, biz şikayət etməyək, onun, başına yığdığı mütəşəkkil cinayətkar dəstəsi üzvləri olan digər təqsirləndirilən şəxslərin cinayətlərini ictimailəşdirməyək. Mövlam Şıxəliyev vəzifədə olarkan bizlərə vurduqları ziyanı ödəyəcəklərini deyirdi. Mövlam Şıxəliyev bizi inandırmaq üçün deyirdi ki, Eldar Mahmudov 3 zərərçəkənin zərərini ödəməyə hazırdır. Zakir Qaralovla Rüstəm Usubov da zərərçəkənlərin bir qisminin zərərini qarşılayacaq.
Yerdə qalan zərərçəkənlərin zərərini də Mövlam Şıxəliyev və onunla mühakimə olunanlar verəcəklər. Mövlam Şıxəliyev “kişinin sözü bir olar, zərəri ödəyəcəyik” demişdi. Əlbəttə ki, biz ona inanmırdıq. Başa düşürük ki, Şıxəliyevin sözü boş havadan başqa bir şey deyil".
Zərərçəkənlərdən bir neçəsinin vəkili Osman Kazımov da məhkəmədən söz istəyib: “Məhkəmə qarşısında olan mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri bu gün azadlıqdadırlar. Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov da bunların yanında olmalıdır. Çünki Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanlar istəsəydilər belə, onların razılığı olmasaydı, bu cinayətləri törədə bilməzdilər. Təqsirləndirilən Sahib Ələkbərov burada dözmədi, dedi ki, onun sağında Rüstəm Usubov, solunda isə Zakir Qaralov əyləşməlidir. Bir cinayət epizodunu danışdı, dedi ki, məzuniyyətdə olan zaman onu Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov restorana çağırıblar. 2 gün əvvəl həbs olunan şəxsi dərhal azadlığa buraxılması göstərişini veriblər. İndi həmin o Eldar Mahmudovun, Zakir Qaralovun və Rüstəm Usubovun burada dindirilməsi zərurəti vardı. Siz möhtərəm hakim, bunu etmədiz”.
Növbəti proses oktyabrın 6-da davam edəcək.
Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.