Harınlamış məmurun SONU: DTX Saleh Səmədovu həbs etdi
31 may 2025 13:53 (UTC +04:00)

Harınlamış məmurun SONU: DTX Saleh Səmədovu həbs etdi

İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Saleh Səmədov bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi üzrə həbs qətimkan tədbiri seçilib.

Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Hüquq-mühafizə orqanlarından isə bu barədə şərh verilməyib.

Rayonda gəzən söz-söhbətlərə görə, Saleh Səmədov işdən azad olunandan həmən sonra saxlanılıb. 

Yerli sakinlər bildirir ki, Saleh Səmədov və övladları İmişlidə məlum hadisələrə qədər "harın həyat tərzi" keçirirmiş. Saleh Səmədovun rayonda "Rolls-Royce"la gəzməsi, özü və övladlarının bahalı restoranlarda məclislər təşkil edib pullar xərcləməsi sadə rayon camaatını qıcıqlandırırmış. Təbii ki, bunlar da Saleh Səmədovun sonunu gətirən səbəblərdən biridir. 

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Xatırladaq ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə sədr Saleh Səmədovun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.

S.Səmədovun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun vəzifədən uzaqlaşdırılmasından sonra çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olduğuna dair də məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16745

Oxşar yazılar