Göyçayda evləri kim daşlayır? Polis onları axtarır, "qulyabani"...
25 avqust 2021 15:44 (UTC +04:00)

Göyçayda evləri kim daşlayır? Polis onları axtarır, "qulyabani"...

Göyçayın bir sıra kəndlərində qəribə hadisələr baş verir.

Lent.az-ın əldə etdiyi məlumata görə, bir aydır ki, rayonun Çaxırlı, Qaraxıdır və Mırtı kəndlərində sakinlər təşviş içindədir. Kənd sakinləri saytımıza bildirib ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında evlərə daxil olur. Onların fikrincə həmin şəxslər evlərə oğurluq etmək üçün girirlər və heç nə tapmayaraq evdə yüngül dağıntı yaradıb yoxa çıxırlar. Hətta Mırtı kənd sakini, adının çəkilməyini istəməyən gənc gecə vaxtı evlərinə qara maskalı birinin girdiyini, lakin onu tuta bilmədiyini bildirib.

Faktlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, bununla bağlı dəfələrlə həmin kəndlərdən müraciətlər daxil olub:

“Ötən ay Göyçay rayonu Qaraxıdır kənd sakinləri Əhmədov Əhmədağa və Ürfan Mahmudov Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında evlərinə naməlum şəxs və ya şəxslər  tərəfindən daş atıldığını bildiriblər.

Müraciətlər əsasında kənd ərazisində polis əməkdaşları tərəfindən gecə gəzintiləri təşkil olunub və hansısa xoşagəlməz hallara rast gəlinməyib. Son günlər ərzində isə oxşar məsələlərlə bağlı polisə hər hansı bir müraciət daxil olmayıb”.

Qeyd edək ki, hadisə daha çox gecə vaxtı qeydə alınsa da, gündüz vaxtı da eyni hallar baş verir. Bu hallar daha çox sakinlərin evdə olmadığı zaman yaşanır. Sakinlər arasında indiyə qədər döyülən, xəsarət alan, əmlaka dəyəcək ciddi ziyan faktı isə qeydə alınmayıb.

Xatırladaq ki, bir müddət əvvəl də rayonun Çaxırlı kəndində “qulyabani” olması barədə məlumatlar dolaşmışdı. Bununla bağlı polisə də müraciət edilib. Polis əməkdaşları kənddə xidmət aparsalar da, hər hansı faktla rastlaşmayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4389
avatar

Mehman Nəbiyev

Oxşar yazılar