Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Xaçmaz rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar.
Nazirliyin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon sakinləri Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər. Lakin onların bu əməlinin qarşısını həmin ərazidə xidmət aparan Xaçmaz rayon Mühafizə Şöbəsinin əməkdaşları alıb və “iş başında” yaxalanaraq, oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz rayon Polis Şöbəsinə gətiriliblər.
Dindirilmə zamanı Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.