Adətən günah öləndədir deyirlər. Baş verən cinayətlərin bəzilərinin tərəflərdən birinin hücumu, söyüşü, evə oğurluğa girməsi və s. səbəblərdən qaynaqladığını görürük.
Məsələn, evə oğurluğa girən şəxs tutulmasın deyə, onu görən ev sahibini vurmağa cəhd edir. Hətta bu xəsarətin ölümlə nəticələnməsi də onu düşündürmür.
Əksər hallarda oğurluğa gələn, bıçaqla və ya alətlə hücum edən müdafiə olunan tərəfindən ən yaxşı halda döyülür. Özünümüdafiə halları bəzən ölümlə də nəticələnir.
Görəsən qanunvericiliyə görə, özünümüdafiə məqsədilə qarşı tərəfə zərər vurmaq məsuliyyətə səbəb olurmu?
Lent.az-ın sualına tanınmış vəkil Əsabəli Mustafayev aydınlıq gətirib.
O bildirib ki, özünümüdafiə cəhdləri qarşı tərəfin hərəkətlərinə adekvat olmalıdır:
Əsabəli Mustafayev
“Cinayət Məcəlləsinə əsasən, müdafiə həddini aşanda kiməsə zərər vurulması məsuliyyətə səbəb olur. Ancaq bu məsuliyyət müdafiə həddini aşaraq, qarşı tərəfi öldürmək niyyətinə çevrildikdə meydana gəlir. Əgər evə girən oğruda silah olubsa və o, bununla ev sahibini vurmaq istəyibsə, ona xəsarət yetirmək məsuliyyətə səbəb olmur. Çünki bu tam özünü müdafiə hesab olunur. Amma oğrunun əlində silah yoxdursa, adam öldürmək və ya xəsarət yetirmək niyyətində olmayıbsa, ona xəsarət yetirmək məsuliyyətə gətirib çıxarır. Bundan əlavə, ev sahibi cinayətin qarşısını almaqla yanaşı, oğrudan evinə girdiyi üçün qisas almaq üçün ona xəsarət yetirsə və ya öldürsə cinayət məsuliyyətinə səbəb olur.
Hər bir halda baş verən hadisələr ciddi araşdırılmalıdır. Oğurluğa gələn qadın, uşaq yaxud arıq-cılız adamdırsa, ev sahibi onlara ciddi xəsarət yetirirsə bu artıq özünümüdafiə sayılmır. Bir sözlə özünümüdafiə qarşı tərəfin törətdiyi cinayətə adekvat olmalıdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ağstafada oğru və ev sahibi bir-birini baltalayıblar.