“Eurohome” ticarət mərkəzində mağaza müdiri onun qollarında can verdi.
Lent.az-ın müxbiri onu danışdıranda hələ də hadisənin şokundan çıxa bilməmişdi: “Gözümün qabağından getmir”.
Bu barədə bir az sonra davam edəcəyik.
İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində mağaza müdiri olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyev iş yerində çoxsaylı bıçaq xəsarətləri yetirilərək öldürülüb.
Bu cinayətin izi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Eurohome” ticarət mərkəzinə getdik. Yəni, qətlin törədildiyi əraziyə...
Soraqlaya-soraqlaya hadisənin hansı mağazada baş verdiyini öyrənməyə çalışırıq. “Qətl hansı mağazada baş verib?” sualını ünvanlayanda hər kəsdə bir durğunluq yaranır. Hə, düzdü, 10 nəfərdən 9-u hadisənin hansı mağazada baş verdiyini demədi. Sualın cavabını bilsələr belə...
Nəhayət, hadisə yerinə çatdıq. Mağazanın qapısı kilidli, önü sarı rəngli, üzərində “cinayət yeri, daxil olma” yazılmış lentlə bağlanıb.
Artıq hər kəs ora niyə, nə səbəbdən gəldiyimizi anlamışdı. Hər kəs susqun, fikirli, həyəcan içində idi. Hər an onlara sual verməyimizi gözləyirdilər. Bir neçəsinə yaxınlaşıb hadisəyə şahid olduqlarını soruşsaq da, cavab ala bilmədik.
Gözümüz mağazadakı malları boşaldan fəhləyə sataşdı. O mağaza ki, qətl törədilən məkana çox yaxın...
Rasim Əsədov hadisəni şahidi olub. O deyir ki, otağa daxil olanda Şəmşiddin Quliyev can verirdi:
“Ona Şəmi deyirdik. Çox yaxşı biri idi. Sakit, mehriban. Heç kimlə işi olmazdı. Onu yerdə qanlar içində gördüm. Hələ də gözümün qabağından getmir. Ona kömək etmək üçün otağa girdim. Hadisə dünən günorta sat 3-4 ərəfələrində baş vermişdi”.
Hadisənin təfərrüatlarını danışdığı an onu qəhər boğduğu üçün sözünü yarıda kəsir.
Elə bu zaman söhbətə işçilərdən digəri Mustafa Mustafayev qoşulur:
“Mən onun bıçaqlandığını bu gün eşitmişəm. Hələ də inana bilmirəm. Onun heç kimlə işi olmazdı. İllərdi burda bir yerdə işləyirik. Bir də kimləsə ədavəti olduğunu görməmişəm”.
Şəmşiddin Quliyevin iş yoldaşları bir ağızdan hamısı eyni şeyi deyirdi: O çox yaxşı biri idi...
Rasim Əsədov özünü toparlayıb sözünə davam edir:
“Gördüm ki, mağazanın qarşısında bir neçə adam toplaşıb. Həyəcan içində ora yaxınlaşıb, mağazaya daxil oldum. Şəmi can verirdi. Qanlar içində yerdə uzanmışdı. Şok içində nə edəcəyimi, necə yardım edəcəyimi bilmədim. Sonra təcili yardımla, polislər gəldi. Bizi ərazidən uzaqlaşdırdılar. Çoxlu qan itirdiyi üçün xəstəxanaya çatmamış yolda həyatını itirdi.
Şəmi belə ölümə layiq biri deyildi. Hamı ilə mehriban danışardı. Gülərüzlü, xoş niyyətli biri idi. Heyf ondan”.
İşçilərin dediyinə görə, mərhumun 3 övladı varmış.
Qeyd edək ki, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələrlə müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
İstintaq davam edir.