Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başa çatıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Əli Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə. Əliyev 5 ay müddətinə həbs edilib.