Sentyabrın 21-də yollarda ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Günün ilk qəzası saat 13 radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb. Rayon sakini Mustafa Süleymanov idarə etdiyi “Opel” markalı avtomobili ağaca vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Saat 22 radələrində Salyan rayonunun Ərəbqardaşbəyli kəndi ərazisində rayon sakini Cahid Abbasov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Nəticədə o, hadisə yerində ölüb, sərnişini olan qardaşı isə xəstəxanaya yerləşdirilib.
Bundan 1 saat sonra isə Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Hər bir faktla bağlı araşdırma aparılır.