Sumqayıt şəhər Məhkəməsi Şahhüseynli Rəhman Eldar oğlunu ikinci dəfə cərimələyib.
Lent.az-ın əldə dediyi məlumata görə, buna səbəb onun bir şəxsə olan borcunu ödəməkdən yayınması olub.
Belə ki, Rəhman Şahhüseynli Ali Məhkəmənin 01 may 2024-cü il qətnaməsinə əsasən Qurban Qurbanov adlı şəxsə 12030 manat borcu olduğu halda onu ödəməyib. Bu səbəblə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsilə protokol tərtib olunub.
Buna görə də Sumqayıt şəhər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarı ilə R. Şahhüseynli ikinci dəfə 500 manat məbləğində cərimələnib.
Xatırladaq ki, Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi R. Şahhüseynlinin səfir və başqa bir şəxs tərəfindən döyülməsi barədə bir müddət əvvəl mediada məlumatlar yayılmışdı.