Martın 6-da saat 11 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasının işçisinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən ərazidə Gülbaxt əhəng-daş yatağında yerləşən “Gülbaxt TMK” MMC-yə məxsus daş karxanasında daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçası hündürlükdən yuvarlanaraq yaxınlıqda yerləşən digər daş karxanasının işçisi, 43 yaşlı Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşüb və nəticədə sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.