Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla bu gün səhər saatlarından başlayaraq Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.
Oktyabrın 8-də səhər saat 8 radələrində Böyükbəyli kənd sakinləri 1992-ci il təvəllüdlü Cəbrayıllı Sədi Bəbir oğlu və 1977-ci il təvəllüdlü Quliyeva Hürü Talış qızı avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, o cümlədən kənd ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.