“Sərt karantin rejimi günlərində ictimai nəqliyyatda sıxlıq olacağını düşünmürük”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, ictimai nəqliyyat üçün xüsusi zolaqların yaradılmasının tərəfdarıdırlar: “Ancaq Bakıda elə küçə var, genişdir, zolaq yaratmaq olar, digər yol isə geniş deyil, yenə də o yolda sıxlıq yaranacaq”.
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, əsas məsələ maskadan istifadə etməkdir: “Tövsiyə edirik ki, avtobusa daxil olanlar maskadan istifadə etsinlər. Avtobusdakı sərnişinlərin 30-40 faizində maska olmadığını müşahidə edirik. Əlbəttə, polis buna nəzarət etməlidir. Ancaq polis bütün avtobuslarda maska məsələsinə də nəzarət edə bilməz”.
K. Əliyev nəzərə çatdırıb ki, yol infrastrukturunun yenidən qurulması günün bəzi saatlarında yaşanan sıxlıqları aradan qaldıracaq.