Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu inzibati qaydada həbs olunanların saxlanma yerləri ilə bağlıdır.
Bəzi hallarda inzibati xəta törədənlər məhkəmənin qərarı ilə bir neçə sutkalıq, yaxud bir aylıq inzibati həbs olunur. Bunlara xırda xuliqanlıq əməlləri, avtoxuliqanlıq, aksiya və ya yürüş qaydalarını pozmaq, fövqəladə rejimə riayət etməmək inzibati həbsə gətirib çıxaran amillərdir. Bundan əlavə, ölkədə tətbiq olunan karantin rejimini pozduğu üçün onlarla vətəndaş inzibati qaydada həbs olunub. Görəsən, onlar hansı məntəqələrdə saxlanılır və nə zaman digər yerlərə də köçürülə bilərlər?
Rubrikamızın bu sualına tanınmış hüquqşünas Adəm Məmmədov aydınlıq gətirib. Onun sözlərinə görə, Bakı şəhərində inzibati həbs olunanlar Binəqədi rayonundakı müvəqqəti saxlama yerində cəzalarını çəkirlər:
“Bakı şəhərində inzibati xəta törədib məhkəmənin qərarı ilə sutkalıq həbs olunanlar əsasən, Binəqədi raronu ərazisində yerləşən müvəqqəti saxlama yerində cəzalarını çəkirlər. Orada 4 nəfərlik və 16 nəfərlik yerlər var. Əgər həmin məntəqədə yer olmazsa, həbs olunanlar rayon polis idarələrində saxlanılır. Rayon polis idarələrində isə əksər hallarda 4 nəfərlik yerlər mövcud olur. Bakıdan başqa digər bölgələrdə isə inzibati xəta törədənlər yerli rayon polis idarə və şöbələrindəki müvəqqəti saxlama məntəqələrində cəza çəkirlər”.